BAZAR ERTƏSİ, 23.12.2024, 20:29Baş səhifə | Burdan yarat | Seç

Saytın menyusu

BÖLMƏNİN DƏRƏCƏSİ

MİNİ-ÇAT

BİZİM SORĞU

AZƏRBAYCANDA EKOLOGİYA NECƏDİR?
Всего ответов: 81

STATİSTİKA


BÜTÜN ONLAYN: 1
QONAQLAR: 1
İSTİFADƏÇİLƏR 0

GİRİŞİN FORMASI

AXTARIŞ

Каталог статей
Baş səhifə » Məqalə » Мои статьи

VAXTSIZ “QOCALMIŞ” GƏNCLƏR ŞƏHƏRİ

alt
Qəzetimizin ötən saylarının birində ABŞ-ın "Blasksmit” İnstitutunun dünyanın 20 ən çirkli şəhərləri haqda hesabatı barədə məlumat vermişdik. Hesabatda Sumqayıtın da adı çəkilib. Beynəlxalq ekspertlər bu qənaətə ilk növbədə "gənclər şəhəri”nin havasında və suyunda zərərli maddələrin həddən çox olması nəticəsində gəliblər. Şəhərin hazırkı durumunu öyrənmək üçün ora yollandıq.

Sumqayıtda olduğumuz müddətdə əvvəlcə şəhər sakinlərinə ekoloji vəziyyətə dair suallar ünvanladıq. Bizimlə söhbət edən şəhər sakinlərinin əksəriyyəti Sovet dönəminə nisbətən bu sahədə vəziyyətin qismən düzəldiyini söylədilər. Lakin onlar son bir neçə ildə yenə bəzi kimya zavodlarının havaya zərərli maddələr buraxdığını bildirdilər. Sakinlərin sözlərinə görə, Milli Məclisin spikeri Oqtay Əsədova məxsus olduğu söylənilən "Azkompazit” zavodu havanı daha çox çirkləndirir. Zavod gecə saatlarında da havaya zərərli maddələr buraxdığından, mikrorayonlarda nəfəs almaq mümkün olmur. Öyrəndik ki, plastik borular istehsal edən zavodda zərərli tullantıların təmizlənməsi üçün lazımi avadanlıqlar qurulmayıb. Alüminium zavodunun da havaya xeyli miqdarda zərərli maddə buraxıldığı söylənildi.
Qeyd edək ki, şəhərdə "Azərkimya” Dövlət Şirkətinə məxsus zavodların ayrı-ayrı sexləri də fəaliyyət göstərir. Lakin həmin sexlərin avadanlıqları yenilənmədiyindən, Sumqayıtın ekologiyasına ciddi zərər dəyir.

Çirkab suları təmizlənmədən dənizə axıdılır

altSumqayıt əhalisi "Ceyranbatan” su anbarından götürülən sudan istifadə etdiyindən, bu sıradan problemləri olmadığını söylədilər. Lakin şəhər sakinləri kimya zavodlarının çirkab sularının təmizlənmədən birbaşa dənizə axıdılmasından narahatdılar. Bundan əlavə, zərərli tullantılarla zəngin olan çirkab sular borular vasitəsilə deyil, açıq kanalların köməyi ilə dənizə axıdılır. Bir sıra ərazilərdə isə çirkab tullantılar əhalinin yaşadığı qəsəbələrdən keçir. Kimyaçılar qəsəbəsində isə vəziyyət daha dözülməz həddə çatıb. Belə ki, bir sıra zavodların tulantı suları bu ərazidən keçir. 70-ci illərdə çəkilən kanalizasiya boruları isə sıradan çıxdığına görə zəhərli su qəsəbənin içi ilə çəkilmiş arxlarla dənizə axır.

"Uşağın əli suya dəyən kimi bədənində səpki yaranır”

altMəsələni yerində araşdırmaq məqsədilə "Kimyaçılar” qəsəbəsində olduq. Sumqayıtda hamı bu ərazini "Gecəqondular” adlandırır. Dənizin sahilində yerləşən bu ərazidə mindən artıq ailə yaşayır. Əhalinin vəsaiti hesabına qəsəbəyə işıq, qaz və su xətti çəkilsə də, kanalizasiya xətləri yoxdur. Zavodların və yaxın ərazidə yerləşən binaların tullantı suları qəsəbənin ortası ilə axan çoxsaylı arxlar vasitəsi ilə dənizə axıdılır. Bir sıra zavodlara məxsus kanalizasiya xətləri sıradan çıxdığı üçün zərərli sular torpağın üstü ilə axaraq dənizkənarındakı gölə tökülür. Göl dolduqda isə çirkab su birbaşa təmizlənmədən dənizə axıdılır.
altQəsəbə sakini Kamal Əsgərov: "Dözülməz şəraitdə yaşayırıq. Çoxumuz qaçqınıq. Hərə bir koma tikib ailəsini saxlamağa çalışır. Bizim ən böyük problemimiz kanalizasiya xətlərilə bağlıdır. Gördüyünüz bu arxla axan çirkab hansısa zavodun zəhərli suyudur. Qış olduğundan suyun qoxusu azalıb. Lakin elə vaxt olur ki, buradan kopüklü və göy rəngli su axır. İşimiz körpələri qorumaqdan ibarətdir. Uşaq gözdən yayınan kimi suyla oynayır. İnanın mənə, hansı uşağın əli suya dəysə bədənində səpkilər əmələ gəlir. Yayda isə burada pis qoxudan nəfəs almaq olmur. Ona görə də burada yaşayanların, xususən körpələrin əksəriyyəti xəstəlik tapır. Məsələ ilə bağlı dəfələrlə şəhər rəhbərliyinə, "Azərkimya” Dövlət Şirkətinə müraciət etmişik. Lakin maraqlanan yoxdur. Televizyalar da çəkib göstərib. Yayda elə olur ki, dənizin üstü ölü balıqla dolu olur. Kimdir belə işlərlə məşğul olan? Rəhbərlər ancaq qazanclarını düşünür”.

18 kilometrlik boru kimin badına gedib?

Sumqayıtda olduğumuz müddətdə "Azərkimya”ya məxsus sintetik kauçuk zavodunun təmir quraşdırma sexinin işçilərinin tətil etdiyi barədə xəbər aldıq. Fəhlələr bizə əməkhaqlarının qaldırılmamasına etiraz etdiklərini söylədilər. Onların sözlərinə görə, zavod rəhbərliyi aksiya iştirakçılarını zovodun həyətinə belə buraxmayıb. Fəhlələr eyni zamanda bizə Şirkətdə özbaşınalığın hökm sürdüyünü dedilər. Fəhlələrin bildirdiyinə görə, dövlətə məxsus əmlak görünməmiş dərəcədə talan edilir. Məsələn, sintetik kauçuk zavodunun yeni butadien sexinə məxsus 18 kilometrlik boru oğurlansa da, heç kim məsuliyyətə cəlb edilməyib. Zavod rəhbərliyi oğurluğa görə məsuliyyət daşımayan iki nəfəri işdən azad edib. İşdən azad edilən Bəxtiyar Abbasov və Emran Dunyamalıyev isə sexin nəzarət-buraxılış mətəqəsinin rəis müavinləri vəzifəsində çalışıblar.
B.Abbasov bizimlə söhbətində oğurluq faktında zavodun rəhbərliyinin əli olduğunu dedi: "2006-cı il iyunun 19-da məni və Emran Dünyamalıyevi zavodun inzibati binasına çağırıb dedilər ki, izahat yazın. Oğurluğun zavoddan 10 kilometr aralıda - Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirdilər. Mən ilkin izahatımda göstərdim ki, hadisə baş verdiyi yerə görə biz cavabdeh deyilik və hadisə huquq-mühafizə orqanları tərəfindən araşdırılsın. Lakin səhəri gün eşitdik ki, bir neçə şəxs, o gümlədən biz işdən azad edilmişik. Onu qeyd edək ki, oğurluq baş verdiyi ərazi Sumqayıt Şəhər Mühafizə Polisi tərəfindən mühafizə olunur. Oğurluq faktı isə mühafizə polisinin oturduğu məntəqənin 3 metrliyində baş verib. Polisdən oğurluqa bağlı məlumat verməsini tələb etdik. Polis nəfəri bildirdi ki, borular sökülərkən zavodun direktoru İxtiyar Baxşiyevə məlumat verilib və o da öz növbəsində boruların qanuni əsaslarla söküldüyünü söyləyib. Maraqlı fakt ondadır ki, drektor polisin dediklərini araşdırmadan bizi işdən azad etdi”.
B.Abbasov qanunsuz olaraq işdən çıxarılması ilə barışmayaraq Sumqayıt Şəhər Məhkəməsinə müraciət edib. Lakin məhkəmə B.Abbasovun işə bərpa edilməsi tələbini rədd edib və dövlət əmlakının oğurlanması faktı üzrə cinayət təqibinin başlanması barədə qərardad çıxarıb. Bunula belə, Sumqayıt Şəhər Prokurorluğu cinayəti törədənləri məsuliyyətə cəlb etməyib. Növbəti mərhələdə B.Abbasov Apellyasiya Məhkəməsinə müraciət edərək işə bərpa edilməsini tələb edib. Apellyasiya Məhkəməsi B.Abbasovun işə bərpa edilməsi barədə qərar çıxarsa da, zavod rəhbərliyi məhkəmə qərarlarını yerinə yetirməkdən imtina edir.
Emran Dunyamaliyev hadisə ilə bağlı ailə üzvlərinin də zavod rəhbərliyi tərəfindən təqib edildiyini söylədi: "Mənim işə bərpa olumamla bağlı Apellyasiya Məhkəməsinin qərarını Ali Məhkəmə ləğv etdi. Onu da deyim ki, zavod rəhbərliyi məhkəməyə təzyiq göstərib. Bundan əlavə, zovodun rəhbərliyi heç bir əsas göstərmədən həyat yoldaşım Ceyran Əliyevanı da işdən azad edib”.

"Cümhuriyyət” parkının yerində göydələnlər

Sumqayıtda olarkən yerli sakinlər şəhər rəhbərliyinin əhalinin problemləri ilə, ümumiyyətlə, maraqlanmadığını söylədilər. Onların sözlərinə görə, dövlət başçısı İlham Əliyevin keçdiyi yollar istisna olmaqla, digər ərazilər abadlaşdırılmır. Binaların damları, kanalizasiya xətləri və digər məsələlər əhalinin vəsaiti hesabına təmir edilir. Sumqayıt şəhəri 36-cı məhəllə 5/11 və 6/11 saylı binaların sakinləri zirzəmilərinin suyla dolu olduğunu söylədilər. Bizimlə söhbətdə sakinlər 4 il ərzində şəhər rəhbərliyinin problemi həll etmədiyini dedilər. Onla eyni zamanda bizə zirzəmisinə su dolması səbəbindən sıradan çıxan evləri də göstərdilər.
Şəhərin 20-ci və 21-ci mikrorayonlarının sakinləri isə əraziyə qaz, işıq və su xətlərini öz hesablarına çəkdiklərini söylədiər. Onların dediyinə görə, yeni salınan mikrorayonlarda, ümumiyyətlə, kanalizasiya xətlərinin olmadığını bildirdilər. Torpağın qiymətinin qalxması səbəbindən yolların kənarları belə satılıdığından, bir sıra məhəllələrə getmək mümkün olmur.
Müsavat deputat qrupunun üzvü İkram İsrafilin köməkçisi Fəxrəddin Abbas bizimlə söhbətində Cumhuriyyət banilərinə qarşı Sumqayıtda da etinasız münasibətin olduğunu söylədi: "Ölkənin hər yerində olduğu kimi, Sumqayıtda da cümhuriyyət banilərinə qarşı qısqanc münasibət var. Elçibəy hökuməti dönəmində şəhərdə 10-cü və 13-cü mikrorayonların arasında olan ərazidə "Cümhuriyyət” parkının salınması barədə qərar qəbul edilib. Lakin şəhər rəhbərliyi həmin ərazini tikinti şirkətlərinə satdı. Hazırda ərazidə çoxmərtəbəli binalar inşa edilir”.

Dərəcə: Мои статьи | Əlavə: Vətənpərvər (19.04.2010)
Baxış: 1017 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024 |