Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün
deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər
çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər
çətinləşir.
Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair
müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət
bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq
sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Son illər ərzində
xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar
nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır,
bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta,
televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.
Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan
canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm
orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf
mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya
sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra
alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir.
Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində” öyrənməyi
ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya
sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu
keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat
tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf
mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm
ekologiya adlanır.
|