Dənizlə əlaqəsi olan 341 axar qeydə alınıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji
Monitorinq İdarəsi (XKEMİ) ötən il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda
955,08 kilometrlik sahil zolağında, çimərlik ərazilərində, eləcə də, dənizdə
fəaliyyət göstərən müəssisə və obyektlərdə, üzən vasitələrdə və təyin edilmiş
koordinatlar üzrə açıq dənizdə təşkil edilmiş 4 ekspedisiyada iştirak etməklə
1371 ekoloji monitorinq keçirib.
Nazirliyin mətbuat xidmətindən ANS
PRESS-ə verilən məlumata görə, monitorinq zamanı götürülmüş 4152 su və qrunt
nümunələri üzərində 33553 kimyəvi, bioloji, ekotoksikoloji və mikrobioloji
təhlillər aparılıb.
Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi
olan 341 axar qeydə alınıb ki, onlardan 310-u sahildən, 31-i isə dəniz
akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə
antropogen təsir göstərir. Bu axarlardan götürülmüş nümunələr üzərində mütəmadi
olaraq müvafiq təhlillər aparılıb və qeydə alınmış ekoloji problemlər haqqında
məlumatlar toplanaraq idarə tərəfindən buraxılan bülletenlər vasitəsi ilə
aidiyyəti orqanlara çatdırılıb.
Qeyd edək ki, bu tədbirlər Azərbaycan
prezidenti İlham Əliyev tərəfindən imzalanmış "Xəzər dənizinin çirklənmədən
qorunması üzrə bəzi tədbirlər haqqında” 2007-ci il 20 iyun tarixli 2244 nömrəli
Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində görülən
işlərdir.
|