Ekoloji mühitin sağlamlaşdırılması dövlət
siyasətində prioritet sahəyə çevrilmişdir
Son illər təbiət insanları davamlı olaraq
sınağa çəkir. Bir-birinin ardınca baş verən təbii fəlakətlər — daşqınlar,
zəlzələlər, torpaq sürüşmələri dünyanın bütün ölkələrində ciddi narahatlıqlar
yaratmışdır. Əhalinin sürətli artımı, elmi-texniki tərəqqi, kimya, biologiya
elmləri sahəsində əldə edilmiş yeni biliklər, müasir tipli silahların
yaradılması bəşəriyyətə təkcə fayda gətirməmişdir. Bunların nəticəsidir
ki, insanla təbiət arasındakı əlaqə daha da kövrəkləşmiş, ekoloji bəlalar qlobal
xarakter almışdır. Bu gün təbiətdə baş verən qlobal iqlim dəyişmələri bəşəriyyət
üçün qaçılmaz bəlalar yaratmışdır.
Söz yox ki, Azərbaycan da bu
problemlərdən kənarda qala bilməz. Ona görə də ekoloji problemlərin həlli ölkə
rəhbərliyinin daim diqqətindədir. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev "Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına
dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”nı təsdiq etmişdir. Dövlət
əhəmiyyətli bu mühüm sənəddə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına
dair bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Cənab Prezidentin,
eyni zamanda, ekoloji problemlərə bilavasitə aid olan "Ekoloji cəhətdən
dayanıqlı sosial-iqtisadi inkişafa dair”, "Hidrometeorologiyanın inkişaf
proqramı”, "Yay-qış otlaqlarının, biçənəklərin səmərəli istifadə olunması və
səhralaşmanın qarşısının alınmasına dair” proqramların qəbul edilməsi ilə bağlı
verdiyi sərəncamlar ölkədə ekoloji mühitin yaxşılaşdırılmasında əhəmiyyətli rol
oynamışdır. Dövlət başçısının "Xəzər dənizinin çirklənmədən qorunması
üzrə bəzi tədbirlər haqqında” sərəncamı isə Abşeronda ekoloji problemlərin
həllinə əsaslı stimul yaratmışdır.
Ekoloji
problemlərin həllinin zəruriliyini nəzərə alan Prezident İlham Əliyev 2010-cu
ili ölkəmizdə "Ekologiya ili” elan etmişdir. Cənab Prezident Nazirlər
Kabinetinin 2009-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş
iclasındakı nitqində bu barədə görülmüş işlərdən, gələcəkdə qarşıda duran
vəzifələrdən geniş bəhs etmişdir. Möhtərəm Prezident bildirmişdir: "2010-cu il
Azərbaycanda "Ekologiya ili” elan edilmişdir. Bu da təsadüfi deyil. Çünki bu
sahəyə böyük əhəmiyyət verilməlidir”. Doğrudan da, son illər ekoloji
problemlərin həllinə yönəldilən tədbirlərin həyata keçirilməsi daha aktiv
xarakter almış, ölkənin hər yerində ekoloji vəziyyətin yaxşılaşdırılması üçün
səylər artırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə ekoloji problemlərə həsr olunmuş müşavirə dövlətimizin bu məsələyə
xüsusi önəm verdiyini bir daha təsdiq edir. Müşavirədə cənab Prezident ölkənin
ekoloji vəziyyətinin dövlətin gündəlik diqqət mərkəzində olduğunu və bu sahədə
genişmiqyaslı layihələrin reallaşdırılacağını bildirmişdir. Prezident
bildirmişdir ki, təkcə 2010-cu ildə deyil, ondan sonrakı illərdə də ekoloji
məsələlərin həllinə böyük diqqət göstərilməlidir.
Dövlətimizin ekologiya siyasətini
həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu istiqamətdə bir sıra
layihələrin həyata keçirilməsini təmin edir və hazırda ətraf mühitin
sağlamlaşdırılması üçün yeni layihələr reallaşdırılır.
Prezident yanında keçirilən ekoloji
problemlərə həsr olunmuş müşavirədə ekologiya və təbii sərvətlər naziri
Hüseynqulu Bağırov ölkədə həyata keçirilən ekoloji siyasətin real nəticələrini
açıqlamışdır. O bildirmişdir ki, həyata keçirilən ardıcıl tədbirlərin
nəticəsində qazanılmış uğurlar əhalinin ekoloji şüurunda da müsbət
dəyişikliklərə gətirib çıxarmış, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş
tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin
yaratmışdır.
Azərbaycanda son illər həyata
keçirilən davamlı ekoloji siyasət artıq öz bəhrələrini verməkdədir. Belə ki,
əhalinin içməli su ilə təchizatı, ətraf mühitin mühafizəsi, bioloji
müxtəlifliyin qorunmasına diqqətin artırılması, eyni zamanda, Xəzərin ekoloji
vəziyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər uğurla həyata
keçirilir.
Məlumdur ki, sağlamlığımız içdiyimiz
suyun, udduğumuz havanın təmizliyindən çox asılıdır. Bu gün Azərbaycanda içməli
su problemi həll olunmaq üzrədir. Artıq 12 rayonunun 122-dən çox kəndində
yekunlaşdırılmış işlər nəticəsində əhali Dünya Səhiyyə Təşkilatının
standartlarına cavab verən içməli su ilə təmin olunmuşdur. Uzun illər içməli
suya həsrət qalan insanlar bu gün artıq bulaq suyu kimi təmiz
sudan istifadə
edirlər.
Bakı əhalisinin içməli su ilə təmin
edilməsi üçün Oğuz—Qəbələ—Bakı su kəmərinin tikintisi davam etdirilir. Cənab
Prezident müşavirədə bildirdi ki, kəmər bu il istifadəyə veriləcək.
Samur-Abşeron kanalının yenidən qurulması da təmiz su probleminin həllinə
yardımçı olacaqdır.
Həllini gözləyən problemlərdən biri
də şəhər və rayonlarımızın kanalizasiya məsələsidir. Artıq ötən ilin sonunda
Xəzərin çirklənməsinin qarşısının alınması məqsədilə Hövsan Aerasiya Stansiyası
isifadəyə verildi. Ancaq bu, məsələnin tam həlli deyildi. Bu il və gələcəkdə bu
istiqamətdə işlər davam etdiriləcəkdir.
Yaşıllaşdırma ilə bağlı görülən
işləri də təqdirəlayiq hesab etmək olar. Azərbaycan Respublikası Prezidentinin
"Magistral avtomobil yollarının mühafizə zolaqlarının yaşıllaşdırılması
haqqında” və "Bakı şəhərinin yaşıllaşdırılması sahəsində əlavə tədbirlər
haqqında” sərəncamları bu istiqamətdə görülən işlərin sürətlənməsinə zəmin
yaratmışdır. Nəticələr son dərəcə sevindiricidir. Belə ki, yolların estetik
görünüşünün yaxşılaşdırılması və mühafizə zolaqlarının erroziyadan mühafizəsi
məqsədilə Ələt-Hacıqabul istiqamətində magistral yolun ətrafında əvvəlki illərdə
əkilmiş 172 min ədəd ağac və kollar artıq böyüməkdə və inkişafdadır. Bakını
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ilə birləşdirən yollarda, Zığ gölü və
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı yolu boyunca gözəl yaşıllıqların
salınması hələ də davam edir. Bakı–Şamaxı yolunun üstündə salınmış meşəliklər də
bu istiqamətdə görülən işlərin nəticəsidir. Azərbaycan əhalisi bu təşəbbüsə
böyük ruh yüksəkliyi ilə qoşulmuşdur, indi şəhərlərimizdə və rayonlarımızda
yaşıllaşdırma işində böyük canlanma var və hər həftənin şənbə günləri keçirilən
iməciliklərdə minlərlə yeni ağaclar əkilir, ərazilər
təmizlənir.
Təkcə 2009-cu ildə ölkə ərazisində 2
milyondan çox ağac əkilmişdir. Ölkənin müasir ekoloji problemləri arasında Bakı
buxtasının neftlə çirklənmədən təmizlənməsi də əhəmiyyətli yer tutur. Ona görə
də cənab Prezident ekologiya müşavirəsində bu məsələyə xüsusi diqqət
yetirilməsinin zəruriliyini bildirmişdir. İndi bu sahədə işlər davam etdirilir.
Yəqin ki, yaxın gələcəkdə Bakı buxtası əhalinin əsl istirahət guşəsinə
çevriləcəkdir.
Meşələrin qorunması və yeni meşə
zolaqlarının salınması ekoloji mühitin sağlamlaşdırılmasında çox əhəmiyyətli rol
oynayır. Əfsus ki, bu gün meşələrimizin qorunması işində müəyyən laqeydlik hiss
olunur. Ancaq Prezidentimiz bildirmişdir ki, "meşələri qıranlar
cəzalandırılmalıdır, onlara qarşı ciddi tədbirlər görülməlidir. Son illər
kəndlərimizdə aparılan qazlaşdırma işləri meşələrin qırılmasının qarşısını xeyli
almışdır. Gələcəkdə bu proses davam etdiriləcək və onda, yəqin ki, meşələrin
qırılması da dayandırılacaqdır.
Məişət tullantıları Bakının və
Abşeronun ekoloji mühitinə çox güclü mənfi təsir göstərir. Son illər bu
istiqamətdə də mühüm tədbirlər həyata keçirilir. Məsələn, Bakıda məişət
tullantıları zavodunun tikintisinə başlanılmışdır. Balaxanıda inşa edilən bu
zavod işə düşdükdən sonra Bakının havası xeyli təmizlənəcək. Bu tədbirlər başqa
sahələrdə də həyata keçiriləcək.
Xüsusi mühafizə olunan zonaların
genişlənməsi istiqamətində də işlər davam etdirilir. Milli parklar
genişləndirilir, yeni yaşıllıqlar yaradılır, göllər təmizlənir və s. Artıq bu
zonalarda xüsusi infrastruktur yaradılır. Milli parklarda ən müasir ofislər,
turistləri qəbul etmək üçün mehmanxanalar inşa edilir və s. Hazırda gündəlikdə
duran məsələlərdən biri Qafqazda ikinci olan Şahdağ Milli Parkının zəruri
infrastukturlarının yaradılmasıdır.
Ekologiya məsələlərinə dair
keçirilən müşavirədə deyildiyi kimi, Azərbaycan dünyanın ayrılmaz bir
hissəsidir. Ona görə dünyada baş verən ekoloji təzahürlər bizim ölkədən də yan
keçmir. Biz bütün qüvvələri səfərbər edib ətraf mühitin çirklənməsi, ekoloji
tarazlığın pozulmasına qarşı ciddi mübarizə aparmalıyıq. Çünki yaşadığımız Yer
kürəsinin gələcək taleyi, bütövlükdə bəşəriyyətin, mövcudluğu dünyada bu
problemin müsbət yöndə həllindən çox asılıdır.
Ümid edək ki, "Ekologiya ili”ndə bu
sahədə yeni uğurlar qazanılacaq və yaxın gələcəkdə Azərbaycanda təmiz ekoloji
mühit formalaşacaq.